AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ağır, əvəzsiz itki ilə əlaqədar Rusiya Notariusları Müstəqil Həmkarlar İttifaqı Mərkəzi Şurasının Rəyasət heyəti Sizə, ailənizə və bütün Azərbaycan xalqına ən dərin hüznlə, səmimiyyətlə başsağlığı verir.
Zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, yeni, müstəqil, demokratik Azərbaycanın banisi, adı son on ildə ölkənin bütün uğur və nailiyyətləri, bütün Azərbaycan xalqının ümid və arzuları ilə qırılmaz surətdə bağlı olan şəxsiyyət – Heydər Əlirza oğlu Əliyev həyatdan getmişdir.
Xalqını qardaş qırğını müharibəsinin girdabından çıxarmış, dövlətin dağılmasının qarşısını almış, milləti demokratik və iqtisadi dəyişikliklər yolu ilə aparmış, hər bir azərbaycanlının qəlbinə öz gözəl Vətəninə görə iftixar hissi aşılamış liderin ürəyi daha döyünmür.
Biz Sizinlə birlikdə kədərlənirik və həqiqətən, tarixi şəxsiyyət olan, adı öz xalqına fədakarcasına xidmətə çox parlaq nümunə olacaq Heydər Əliyevin xatirəsi qarşısında baş əyirik. Əminik ki, bu ağır itki bütün Azərbaycan millətini böyük Heydər Əliyevin göstərdiyi xəttin – iqtisadi tərəqqiyə, sosial islahatlara və Azərbaycanın suverenliyinin möhkəmlənməsinə yönəldilmiş xəttin davam və inkişaf etdirilməsi naminə öz Vətəni ətrafında, Sizin ətrafınızda, ölkənin Prezidenti ətrafında daha sıx birləşdirəcəkdir.
Səmimi hörmətlə,
Natiq Ağamirov
Rusiya Notariusları Həmkarlar İttifaqı Mərkəzi
Şurasının sədri
Tatyana Nikulkina
Mərkəzi Şuranın katibi.