AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ümumrusiya Azərbaycan Konqresi, Rusiyadakı Azərbaycan diasporu xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi və siyasi xadim, geniş qəlbli və ülvi amallı insan Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladı.
Bu itki ilə əlaqədar Sizə, ailənizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Heydər Əliyev beynəlxalq miqyaslı ən nüfuzlu liderlərdən biri idi, onun çox böyük potensialı güclü və müstəqil Azərbaycanın təşəkkülündə öz tarixi rolunu oynamışdır.
Onun bütün həyatı xalqa, ölkəmizin müstəqilliyinə və azadlığına həsr edilmişdi. Lideri olduğu Azərbaycan xalqının məhəbbəti və sədaqəti onun üçün ən əziz və layiqli mükafat idi.
O, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı və ölkəni iqtisadi islahatlar yolu ilə irəli apardı. Onun sayəsində Azərbaycan azad, demokratik, müstəqil respublika oldu və dünya birliyində layiqli yerini tutdu.
Tarixi Vətənin hüdudlarından kənarda yaşayan biz azərbaycanlılar Prezidentimizin səmimiliyini və qayğısını, beynəlxalq aləmdə nüfuz və hörmətini həmişə hiss edirdik.
Biz həmişə yadda saxlayacağıq ki, Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün dünya azərbaycanlılarının milli birliyi və həmrəyliyi dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.
İnanırıq ki, onun milli ideya kimi formalaşdırdığı azərbaycanlıların mənəvi birliyi, milli ümumiliyi, Vətənə məhəbbəti hər bir soydaşımız üçün parlaq həyat yoludur.
O, Vətənə, xalqa məhəbbət naminə vətəndaş hünəri və cəsarətinin təcəssümü kimi qədirbilən nəsillərin xatirəsində daim yaşayacaqdır.
O, bir dəfə “əmin ola bilərsiniz ki, Sizin Prezident Azərbaycanın müstəqilliyini, daxili sabitliyini son nəfəsinədək qoruyacaq, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəkdir” demiş və axıradək öz sözünün üstündə durmuşdur.
Heydər Əliyev bizim yaddaşımızda məhz belə qalacaqdır.
Biz onun nəsihətlərini həyata keçirməyə var qüvvə ilə çalışacağıq.
“Azərbaycanlılar harada yaşasalar da, bir-biri ilə bağlı olmalı, bir-birini dəstəkləməlidirlər”.
Allah rəhmət eləsin.
Məmməd Əliyev,
Ümumrusiya Azərbaycan Konqresinin
Prezidenti.
Moskva, 13 dekabr 2003-cü il.