AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri, əziz qardaşım,
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!
Azərbaycan Respublikasının milli bayramı-Respublika günü münasibətilə Zati-alinizə ən səmimi arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu etməkdən məmnunluq duyuram. Mən həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza davamlı inkişaf, tərəqqi və rifah arzu edirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımıza xidmət və İslam həmrəyliyi çərçivəsində əlaqələrimizin genişləndirilməsi naminə birgə fəaliyyətimizin davam etdirilməsi arzusunda olduğumu Zati-alinizə bildirmək istərdim.
Ümumi mənəvi və mədəni dəyərləri bölüşməklə yanaşı, ölkələrimiz ümmətimizin və dünya birliyinin üzləşdiyi regional və beynəlxalq məsələlərə dair eyni mövqe nümayiş etdirir. Mərakeş və Azərbaycan İslamın və ümumbəşəri dəyərlərin əsas prinsipləri olan tolerantlıq, həmrəylik, dialoq və birgəyaşayış ideallarının tərəfdarlarıdır.
Qısa müddət ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi inkişaf olduqca təqdirəlayiqdir. Əminəm ki, bu, xalqınız üçün faydalı olacaq və dünyada ölkənizin mövqeyinin güclənməsinə gətirib çıxaracaqdır.
Hörmətlə,
VI Məhəmməd,
Mərakeş Kralı