AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident,
Əziz qardaşım,
Dost və qardaş Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizi türk xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Azərbaycan xalqının bu xoşbəxt gündəki sevinc və həyəcanını eynilə paylaşırıq.
Gücünü ortaq dil, mədəniyyət və tarix mirasımızdan alan münasibətlərimizin hər sahədə daha da dərinləşərək gələcəyə aparılması və qardaş xalqlarımız arasında işbirliyi və həmrəylik ruhu ilə daha da möhkəmlənməsi ən böyük arzumuzdur. Əlaqələrimizin gələcək nəsillərin ortaq mənafeyinə xidmət edəcəyinə də ürəkdən inanıram.
Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafı ilə bağlı Zati-alinizin rəhbərliyi altında atılan demokratik addımlar sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması bizim üçün iftixar mənbəyidir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti