RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!
Zati-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə ən səmimi arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu etməkdən məmnunluq duyuram. Mən, həmçinin Sizin müdrik rəhbərliyiniz altında xalqınıza davamlı inkişaf, tərəqqi və rifah arzu edirəm.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımıza xidmət və İslam həmrəyliyi çərçivəsində əlaqələrimizin genişləndirilməsi naminə birgə fəaliyyətimizin davam etdirilməsi arzusunda olduğumu Zati-alinizə bildirmək istərdim.
Ümumi mənəvi və mədəni dəyərləri bölüşməklə yanaşı, ölkələrimiz ümmətimizin və dünya birliyinin üzləşdiyi regional və beynəlxalq məsələlərə dair eyni mövqe nümayiş etdirir. Mərakeş və Azərbaycan İslamın və ümumbəşəri dəyərlərin əsas prinsipləri olan tolerantlıq, həmrəylik, dialoq və birgəyaşayış ideallarının tərəfdarlarıdır.
Qısa müddət ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi inkişaf olduqca təqdirəlayiqdir. Əminəm ki, bu, xalqınız üçün faydalı olacaq və ölkənizin mövqeyinin dünyada daha da güclənməsinə gətirib çıxaracaqdır.
Hörmətlə,
VI Məhəmməd
Mərakeşin Kralı