RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Bakıda keçirilən On altıncı Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışı münasibətilə Sizə və Azərbaycan Respublikasının xalqına təbriklərimi çatdırmaq istərdim.
Ölkəniz dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısına çevrilmişdir. Azərbaycan beynəlxalq şirkətlərin iştirakı ilə enerji ehtiyatlarının işlənilməsinin sürətli tərəqqi və ən qabaqcıl texnologiya ilə nəticələnməsinin nümunəsidir. 90-cı illərin ortalarında neft və qaz yataqlarının işlənilməsi üçün beynəlxalq sərmayəçilərin Azərbaycana dəvət edilməsi, Şərq-Qərb Enerji Dəhlizinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru və Cənubi Qafqaz qaz boru kəmərlərinin reallaşması Sizin xüsusi nailiyyətinizdir. Üç ölkənin ərazisindən keçən, yüzlərlə kilometr məsafəni qət edən və bir çox beynəlxalq enerji şirkətini bir araya gətirən həmin layihələr yorulmaz fəaliyyət və əməkdaşlıq sayəsində nəyə nail oluna biləcəyini əks etdirir. ABŞ bu mühüm layihələri həyata keçirən Azərbaycan və digər iştirakçılarla tərəfdaş olmaqdan iftixar hissi keçirir.
Biz regional təchizatın şaxələndirilməsinə yardım etmək məqsədilə təbii qaz yataqlarınızın işlənilməsinə yönəlmiş səylərinizi dəstəkləyirik. Həm Sizin ölkəniz, həm də qonşularınız bundan bəhrələnəcəkdir. Biz karbohidrogen sektorunuzun işlənilməsi sahəsində işləri bu cür davam etdirməyinizi alqışlayırıq. Bu prosesin nəticəsində regional inkişaf və əməkdaşlıq, o cümlədən qlobal enerji təhlükəsizliyi güclənəcəkdir, eyni zamanda, bütün Azərbaycan vətəndaşlarının arzu və tələbatlarını təmin etmək üçün çox dəyərli bir imkan yaranacaqdır.
Enerji ehtiyatlarınızın davamlı şəkildə işlənilməsi sahəsində göstərdiyiniz fəaliyyətinizdə Amerika Birləşmiş Ştatları Azərbaycana möhkəm dost və tərəfdaş olacaqdır. Mən Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək əzmindəyəm və Sizə, eləcə də bütün iştirakçılara sərgi və konfransın işində uğurlar diləyirəm.
Səmimiyyətlə,
Barak Obama
Amerika Birləşmiş Ştatlarının Prezidenti