“Azərbaycan şairləri İrana Qasımova ilə” layihəsinin növbəti gecəsi baş tutub
Bakı, 1 aprel, AZƏRTAC
“Azərbaycan şairləri İrana Qasımova ilə” yeni layihəsinin üçüncü gecəsi baş tutub. Gecənin qəhrəmanı (qonağı) şairə, yazıçı, dramaturq və jurnalist Anara Axundova olub.
AZƏRTAC xəbər verir ki, layihə 2024-cü ilin iyunundan başlayıb və hər axşam bir müasir Azərbaycan şairinin yaradıcılığına həsr olunur.
Tədbirin əvvəlində memar, rəssam və incəsənət layihələrinin kuratoru Nurziyyə Xəlilova gecənin qəhrəmanı ilə söhbət edib. Daha sonra şairə öz şeirlərini səsləndirib.
Gecədə çıxış edən şairlər Səidə Sübhi, Leyli Salayeva, İnqa Baxoldina, Eldar Cəngirbəyov, İlmira Odinayeva, Nathali və Lenay Seyidəli-zadə Anara Axundovanın əsərlərindən parçalar səsləndiriblər.
Anara Axundova jurnalist, esseist, şair, yazıçı və dramaturqdur. O, 11 hekayə, novella, rəvayət, nağıl, şeir və ədəbi təsvirlər toplusunun, kukla teatrları üçün altı pyesin, müxtəlif ədəbi layihələrin müəllifi və ədəbi konsertlərin təşkilatçısıdır.
İrana Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" Azərbaycan mükafatının laureatı, bir neçə şeirlər toplusunun müəllifi, rejissor, ssenaristdir. O, "İrana Qasımova ilə Açıq Poeziya Mikrofonu", "İrana Qasımova ilə Poetry Battle" və "İrana Qasımova ilə poeziya klassikası" kimi məşhur layihələrin müəllifidir.