Azərbaycan səfiri etimadnaməsinin surətini Portuqaliya Xarici İşlər Nazirliyinin baş katibinə təqdim edib
Lissabon, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov etimadnaməsinin surətini Portuqaliya Respublikası Xarici İşlər Nazirliyinin baş katibi Alvaro Mendonsa e Muraya təqdim edib.
AZƏRTAC xəbər verir ki, səfiri yeni təyinatı münasibətilə təbrik edən baş katib iki dost ölkə arasında münasibətlərin inkişafından danışaraq bu əməkdaşlığın daha genişlənəcəyinə əminliyini ifadə edib və bunun üçün böyük potensialın mövcud olduğunu bildirib.
Səfir Oktay Qurbanov Azərbaycan ilə Portuqaliya xalqları arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrinin səviyyəsindən məmnunluğunu ifadə edib.
Azərbaycan diplomatı Portuqaliyanın görkəmli siyasi-ictimai xadimi, sabiq prezident Mario Soareşin 1987-ci ildə SSRİ-yə səfəri çərçivəsində Bakıda olduğunu və Portuqaliya liderinin Bakıda böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Sonda Portuqaliya XİN rəsmisi Alvaro Mendonsa e Mura səfir Oktay Qurbanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Öz növbəsində, Azərbaycan səfiri Portuqaliya diplomatına təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon