AZƏRBAYCAN SƏFİRİ MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ LAYİHƏSİNİ İNDONEZİYANIN MÜDAFİƏ NAZİRİNƏ TƏQDİM ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət barədə nazirə ətraflı məlumat verən səfir, ölkəmizin coğrafi-siyasi mövqeyini, iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları diqqətə çatdırmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rolu barədə danışan səfir, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin iyulun 13-də təntənəli açılışının bütün dünya tərəfindən maraqla izləndiyini İndoneziyanın müdafiə nazirinin diqqətinə çatdırmışdır.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, ermənilərin zəbt etdikləri Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, o cümlədən yanğınlar barədə danışmış, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı aparılan danışıqlarda İndoneziyanın dəstəyinə görə minnətdarlıq etmiş, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərini əks etdirən xəritəni nazirə vermişdir.
Nazir J.Sudarsono ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bildirmişdir.
Səfir İndoneziya tərəfinin saziş layihəsi barədə rəy və təkliflərini tezliklə təqdim edəcəyinə, onların müzakirəsi üçün ekspertlərin Bakı və ya Cakartada görüşlərinin keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Nazir saziş layihəsi barədə rəy və təkliflərin tezliklə qarşı tərəfə çatdırılacağını vəd etmişdir.