Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti: MDB Oyunlarındakı nəticələrimizi yüksək qiymətləndirirəm
Gəncə, 3 oktyabr, AZƏRTAC
Yarışdan əvvəl əsas məqsədimiz III MDB Oyunlarına yaxşı hazırlaşmaq və bu yarışlarda layiqli çıxış etmək idi. Bunun üçün davamlı şəkildə yarışlara qatıldıq, təlim-məşq toplanışları keçirdik və bu hazırlıqlar öz bəhrəsini verdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov yığmanın III MDB Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.
“Dörd qızıl, iki gümüş və on altı bürünc medal qazandıq. Bu nəticəni yüksək qiymətləndirirəm. Ümid edirəm ki, komandamız gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq”, - deyə federasiya rəsmisi bildirib.
Oyunların təşkilatçılığından da söz açan H. Səmədov hər şeyin yüksək səviyyədə olduğunu əlavə edib: “Bu, həm də ölkə rəhbərliyinin, xüsusilə də dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yarışların belə peşəkar şəkildə təşkili Azərbaycanın bu sahədə artan nüfuzunu bir daha nümayiş etdirdi”.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.