Azərbaycan Texniki Universitetinin məzunları beynəlxalq təcrübə proqramında iştirak edəcəklər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti “Azərişıq” ASC-nin təşkil etdiyi beynəlxalq təcrübə proqramı ilə əlaqədar qurumun əməkdaşları ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, görüşdə “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Araz Məmmədzadə 2019-2020-ci illərdə keçirilən beynəlxalq təcrübə proqramında müsahibəni uğurla keçən 28 nəfərdən 9-nun AzTU məzunu olduğunu və onların hazırda müəssisədə uğurla işlərini davam etdirdiklərini diqqətə çatdırıb.
AzTU-nun Elektrotexnika kafedrasının müdiri Hikmət Əliyev qeyd edib ki, bacarıqlı və keyfiyyətli kadr potensialı hazırlanması üçün ali məktəblərdə tədris prosesinin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi və tələbələrin elmi biliklərə daha dərindən yiyələnməsi vacibdir. Bu istiqamətdə sənaye müəssisələri ilə əməkdaşlığı möhkəmləndirmək və təcrübə sahələri, yeni texnologiyalardan istifadə edilməsi məsələlərini önə çəkmək vacibdir.
“Tələbələrin sənaye müəssisələrində uzunmüddətli təcrübə keçmək imkanlarının təmin edilməsi ən əsas məsələlərdəndir. Bacarıqlı və keyfiyyətli kadrların hazırlanması üçün tələbələr istehsalat təcrübələrində işləməlidir. Bunun üçün də sənaye müəssisələrində istehsalat təcrübəsinin keçirilməsinə şərait yaradılması, həm də müəssisələrdə tələbələrə daha uzunmüddətli təcrübə keçmək imkanının təmin edilməsi çox yaxşı olardı”, - deyə kafedra müdiri vurğulayıb.