MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun tələbələri beynəlxalq elmi festivalda uğur qazanmışlar
Bakı, 11 may (AZƏRTAC). Şimali Kiprin Doğu Akdeniz Universitetində beynəlxalq tələbə elmi festivalı keçirilmişdir.
Tədbirdə ölkəmizi müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən Azərbaycan Turizm İnstitutunun (ATİ) tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun bir qrup tələbəsi təmsil etmişdir.
E.Aslanov AZƏRTAC-a bildirmişdir ki, festivalda tələbələr mövcud bilik və təcrübəyə, texnoloji vasitəyə əsaslanaraq, cəmiyyət və təbiət üçün faydalı bir yenilik təklif etməli idilər. Bu, maraqlı və yaradıcı yenilik olmaqla bərabər, indiyədək tətbiq olunmamış vasitə olmalı idi. Burada əsas üç məqama - tələbələrin düşünmə və təhlil qabiliyyətinə, onların elmi tədqiqatlardan nə qədər məlumatlı olub-olmadıqlarına və natiqlik məharətlərinə fikir verilirdi. Tələbələr öz fikirlərini 7 dəqiqə ərzində dolğun çatdırmalı idilər. Bizim tələbələr də buna uyğun hazırlaşmışdılar.
ATİ-nin turizm və otelçilik ixtisasının ikinci kurs tələbəsi Ülvi Cəlilov qlobal yanğınlardan mühafizə ilə bağlı yeni texnologiyadan istifadəni təklif etmişdir. Onun təklifi yeni çiplərin hazırlanması ilə əlaqədar idi. Bu çiplərin yanğına və tüstüyə daha həssas hazırlanması təklif edilirdi. Nəticədə, yanğından vaxtında xəbər tutmaq və ona daha tez reaksiya vermək mümkündür. Bu yeniliyə görə Ülvi Cəfərov birinci yerə layiq görülmüşdür. Daha iki tələbəmiz isə həvəsləndirici mükafat almışdır.
E.Aslanov vurğulamışdır ki, tələbələrin beynəlxalq elmi festivallarda iştirakı onların elmə marağını daha da artırır. Biz bir ali məktəb kimi təkcə bazar üçün kadr hazırlamırıq, eyni zamanda, ölkəmizdə turizm sahəsində elmi potensialın, elmi tədqiqatların daha da genişlənməsini istəyirik. Ona görə də tələbələrimizin bu tipli festivallarda iştirakını təmin etməkdə əsas məqsədimiz onlarda turizm sahəsində tədqiqatlara həvəsin daha da formalaşması, inkişaf etməsi və güclənməsidir.
E.Aslanov belə festivalların gələcəkdə ATİ-də də təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Həmin festivalda Türkiyə, Şimali Kipr və Azərbaycanın ali məktəblərinin təmsilçiləri yarışların davamlı olmasını arzulamışlar.
Səfər çərçivəsində iki ali məktəb arasındakı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Azərbaycan təmsilçiləri Doğu Akdeniz Universitetinin turizm fakültəsinin təşkil etdiyi ənənəvi turizm şənliklərinə də qatılmışlar.