Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında bələdiyyələrin roluna dair fikir mübadiləsi aparılıb
Adana, 13 aprel, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Adanaya səfəri çərçivəsində Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşüb.
Şəhər bələdiyyəsində keçirilən görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında bələdiyyələrin roluna dair fikir mübadiləsi aparılıb.
Hüseyn Sözlü deyib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası uzun illər Azərbaycanın və Türkiyənin milli maraqlarını əks etdirməklə region ölkələrinin inkişafına zəmin olacaq.
Həsən Zeynalov qeyd edib ki, dünyadakı ikili standartların Azərbaycana və Türkiyəyə yaratdığı təhlükələrdən qorunmanın yeganə yolu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəyərli nəsihətləri və kəlamları xatırlanıb. Bildirilib ki, xalqlarımız və ölkələrimiz arasındakı tarixi tellər bundan sonra da bir-birinə möhkəm şəkildə bağlı olacaq. Qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyası Adanada da hər kəsin həyat səviyyəsinə əhəmiyyətli təsir göstərib. Odur ki, yerli əhali ulu öndər Heydər Əliyevin nurlu xatirəsini həmişə ehtiramla yad edir.
Xatırladaq ki, bundan əvvəl Ceyhan bələdiyyəsinin sədri kimi fəaliyyət göstərmiş Hüseyn Sözlü Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ceyhan rayonu ərazisindəki tikinti işlərində yaxından iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Adana