Azərbaycan-Türkiyə-Türkmənistan birliyi bölgədə təhlükəsizliyin qarantıdır
Bakı, 16 dekabr, AZƏRTAC
Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşları olan Türkiyə və Türkmənistanla münasibətlər yeni mərhələyə qədəm qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Onun sözlərinə görə, hər üç ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrarası əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Əlaqələr bütün sahələrdə uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur.
Prezident İlham Əliyevin bu il dekabrın 14-də Türkmənistanda təşkil olunmuş üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, hər üç ölkə arasında olan əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını nəzərdə tuturdu.
"Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
İqtisadi əməkdaşlığın inkişaf dinamikasının statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.
Türkmənistana səfər çərçivəsində dövlətimizin başçısının Prezident Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək, məhdud və geniş tərkibdə görüşləri keçirildi. Zirvə Görüşündə dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçərək Naxçıvan Muxtar Respublikasını, daha sonra isə Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə Türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada Türk dünyasını birləşdirəcək. Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur" , - deyə A.Məmmədov qeyd edib.
Ölkələrimiz tərəfindən bir çox layihələrin icra edildiyini diqqətə çatdıran deputat Zirvə Görüşündə də Türkmənistanla Azərbaycanın imzaladığı 5 sənəddə göstərilən müddəalar, nəzərdə tutulan bütün layihələr, eləcə də Qazaxıstan-Türkmənistan - İran və Özbəkistan-Türkmənistan-İran-Oman dəmir yolları şəbəkələri ilə Azərbaycan, Türkiyə və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən birgə istifadə, Mərkəzi Asiya ilə Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq ilə Qərb arasında mərkəz mövqedə yerləşən Türk dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sahələrdə yeni dividendlər qazandırır.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verməklə yanaşı, tarixi bağları sıx olan bu üç xalq arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsinə münbit şərait yaradacaq.