Azərbaycan və Albaniya arasında bağlanmış ticarət sazişləri iqtisadi əlaqələri daha da genişləndirib
Bakı, 7 iyul, AZƏRTAC
Müstəqilliyimizin ilk illərindən bu günə qədər Azərbaycan və Albaniya arasında iqtisadi, siyasi və humanitar sahələrdə münasibətlər inkişaf etməkdədir. Bu dövrdə hər iki ölkə arasında bağlanmış ticarət sazişləri Azərbaycan və Albaniya arasında iqtisadi əlaqələri daha da genişləndirib. Albaniya Azərbaycanın iqtisadi tərəfdaşlarından biridir və beynəlxalq aləmdə ölkəmizi dəstəkləyir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi illik 2 milyon dollardan çoxdur. Azərbaycanın Albaniyadan idxal etdiyi məhsulların dəyəri 1 milyon 750 min dollar, Albaniyanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi isə 700 min dollar təşkil edib. Bu, iqtisadi göstəriciləri şərtləndirən əsas məsələlərdən biridir. Bildiyimiz kimi, 2027-ci ilədək Azərbaycan Avropaya qaz təchizatını 2 dəfə artırmaq öhdəliyi götürüb. Bu, Azərbaycana böyük gəlir gətirəcək. Həm də Azərbaycan Albaniya, Şərqi Avropa da daxil olmaqla, həmin ölkələrin qaz və enerji təchizatında böyük paya malik olacaq. Albaniyanın TAP-dan əldə etdiyi faydalar həm iqtisadi, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Albaniyanın qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində investor rolunda çıxış edə bilər. Bu, Azərbaycana investisiya yatırılması nəticəsində dividend gəlirlərinin artmasına səbəb olacaq, eyni zamanda, yerli biznes strukturlarının daha səmərəli tərəfdaşlarla ticarət əlaqələri qurmasına şərait yaradacaq”, - deyə ekspert qeyd edib.