Azərbaycan və Çin ekspertləri innovasiya ekosistemindəki imkan və çağırışları müzakirə ediblər
Bakı, 25 noyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılışı çərçivəsində keçirilən paneldə hər iki ölkədən mütəxəssislər innovasiya sahəsində təcrübə və yanaşmaları bölüşüblər.
AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadla xəbər verir ki, paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.
Çıxışında Elvin Hacıyev bildirib: “Azərbaycan İnnovasiya Mərkəzi bir il ərzində mövcud olmasına baxmayaraq, innovasiya ekosistemini bir çətir altında birləşdirə bilib. Burada 200-dən çox proqram reallaşdırılıb və altı minə yaxın iştirakçı cəlb edilib. BTİ akselerasiya mərkəzi şəbəkəsinə qoşulmaqla bu fəaliyyətimizi daha da genişləndirəcək, regional və qlobal səviyyədə mövqeyimizi gücləndirəcəyik”.
Çinli ekspertlər öz çıxışlarında innovasiya mərkəzlərinin “rəqəmsal uçurum”un azaldılmasındakı rolunu, süni intellekt və robot texnologiyalarının yaratdığı imkanları vurğulayıblar.
Qeyd olunub ki, bu müzakirələr ölkələr arasında innovasiya əməkdaşlığının genişlənməsi üçün yeni üfüqlər açır.