AZƏRBAYCAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 29-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
-Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz. Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə uğurla yerinə yetirilir.
Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq.
Bir daha xoş gəlmisiniz.
Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkürünü bildirərək dedi:
-Çox sağ olun, İlham Heydər oğlu. Bu gün Azərbaycana gəlmək mənə də çox xoşdur. Bizim iş cədvəllərimiz çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda görüşmüşdük, ondan əvvəl də Siz Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu səfərdir, çünki biz görüşün gündəliyini hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər üzərində iş aparılmışdır, onlar bu gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz, xalqlarımız arasında münasibətlərin - xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin strateji xarakterini əks etdirir və biz həmin münasibətlərin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etməyə hazırıq.
Ümidvaram ki, bugünkü görüşün nəticəsində biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcək, iqtisadiyyat haqqında da söhbət edəcəyik, çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət haqqında da, o cümlədən xarici siyasət məsələləri barədə də söhbət edəcəyik.
######
