Azərbaycan və Türkiyə məhkəmələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 6-7-də Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Ankarada Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbir Movzeley Kompleksini ziyarət edib, önünə əklil qoyub. Həmçinin Ankaradakı Heydər Əliyev Parkı ziyarət edilib. Nümayəndə heyəti Ulu Öndərin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib.
Sonra Türkiyənin Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit, ədliyyə naziri Yılmaz Tunç və Baş prokuroru Bekir Şahinlə görüşlər keçirilib.
Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb.
Daha sonra Ankara Universitetinin rektoru Necdet Ünüvar və Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir ilə görüşlər keçirilib. Hüquqşünaslıq üzrə yüksəkixtisaslı kadrların hazırlanması, hakimliyə namizədlərlə yanaşı, məhkəmə aparatı işçilərinin də peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.