Azərbaycan xalqı və dövləti öz suverenliyini qorumaq üçün tam hazırdır ŞƏRH
Bakı, 6 mart, AZƏRTAC
Cənubi Qafqaz regionunda son dövrlərdə səsləndirilən bəzi təhdid xarakterli bəyanatlar sabitliyə ciddi təhlükə yaradır. Xüsusilə İran tərəfindən Naxçıvandakı bir sıra strateji və mülki infrastruktur nöqtələrinə dron hücumu regionda gərginliyi artıran və qəbuledilməz yanaşmadır. Bu cür hərəkətlər yalnız siyasi məsuliyyətsizlik deyil, eyni zamanda, regional sabitliyə qarşı təhdiddir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.
O bildirib ki, Azərbaycan müstəqil, güclü və qətiyyətli dövlətdir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Azərbaycanın təhlükəsizliyinə qarşı yönələn hər hansı addım cavabsız qalmaz. Bu kontekstdə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyətə malikdir. Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də tarixi və siyasi baxımdan Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biridir. Naxçıvana qarşı yönələcək istənilən hərbi təhdid və ya hücum Azərbaycanın bütövlüyünə qarşı açıq təcavüz kimi qiymətləndirilir və ən sərt şəkildə cavablandırıla bilər.
“Azərbaycan artıq regionda güclü hərbi potensiala və modern ordunun imkanlarına sahibdir. Ordunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və strateji hazırlıq səviyyəsi göstərir ki, ölkə öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir. Bu siyasətin əsas istiqamətlərindən biri də dövlətimizin başçısı İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb: Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü qırmızı xətdir.
Tarix göstərib ki, Azərbaycan xalqı təhdid və təzyiq qarşısında geri çəkilən xalq deyil. Əksinə, dövlətə və torpağa qarşı yönələn hər hansı təhlükə cəmiyyətin daha da sıx birləşməsinə səbəb olur. Bu gün də Azərbaycan xalqı və dövləti öz suverenliyini qorumaq üçün tam hazırdır. Regionda sülh və sabitlik istəyən hər kəs bir həqiqəti anlamalıdır: Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana qarşı atılacaq istənilən hərbi addım yalnız böyük səhv deyil, həm də çox ağır nəticələr doğura biləcək təhlükəli avantüradır", - deyə M.Nağıyev vurğulayıb.