Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi lideri olub
Düşənbə, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfirliyi ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi təşkil edib.
Tacikistanın dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun nümayəndələrinin, elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasi partiyaların rəhbərlərinin, jurnalistlərin iştirak etdikləri tədbirin keçirildiyi salonda Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunub. İştirakçılara Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın tacik dilində nəşr edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman”, Nikolay Zinkeviçin “Həyatın kəşməkəşləri” kitabları, “Baku” jurnalının nüsxələri paylanıb. Tanınmış rejissor A.Konçalovskinin ümummilli lider Heydər Əliyev haqqında çəkdiyi “Бремя власти” filmindən fraqmentlər nümayiş etdirilib.
Səfir Abbasəli Həsənov tədbir iştirakçılarına müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. O deyib: “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi lideri olub. Ulu Öndər Azərbaycanda vətəndaş müharibəsi təhlükəsinin qarşısını alıb, dövləti məhv olmaqdan xilas edib və ölkənin gələcək inkişafını təmin edən neft strategiyasını qurub. Hazırda Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilib”.
Tacikistanın sabiq xarici işlər naziri Xamraxon Zarifi bu ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycanın dinamik inkişafının şahidi olduğunu söyləyib. O deyib ki, Azərbaycanın bugünkü inkişafının əsasını məhz uzaqgörən və müdrik siyasətçi Heydər Əliyev qoyub.
“Böyük siyasətçi kimi Heydər Əliyevin şəxsiyyətində rasionallıq, müdriklik, qətiyyətlilik, siyasi uzaqgörənlik, realizm, insanpərvərlik və xeyirxahlıq kimi xüsusiyyətlər cəmləşmişdi”, bu sözləri tədbirdə Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ubaydullo Davlatov deyib.
Çinin Tacikistandakı səfiri Fan Syancun isə 1994-cü ildə Heydər Əliyevin Çinə rəsmi səfərini xatırladıb və həmin vaxtdan etibarən Azərbaycan ilə Çin arasındakı münasibətlərin inkişaf etməyə başladığını söyləyib. Səfir deyib: “Çində belə bir məsəl var: suyu içəndə gərək su quyusunu qazana minnətdar olasan. Azərbaycan xalqı ölkənin iqtisadiyyatının əsaslarını qoyan böyük siyasətçi Heydər Əliyevə minnətdar olmalıdır”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə