Azərbaycan XİN ispan jurnalistin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb
Bakı, 8 may, AZƏRTAC
Argentina və Latın Amerikası regionunun kütləvi informasiya vasitələrində yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyana Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda R.Montanyana Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. R.Montanyana, həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edən R.Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
R.Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul olunub.