Azərbaycan Yaradıcı Həftəyə ev sahibliyi edəcək
Bakı, 28 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Yaradıcı Həftə yaradıcılıq sənayelərinin müxtəlif istiqamətlərini nümayiş etdirən regional tədbirlər silsiləsidir. Fərqli klasterlər üzrə panel, çıxış və təqdimatlar həftə boyunca davam edəcək.
AZƏRTAC xəbər verir ki, həftə dekabrın 5–dən 11-dək keçiriləcək.
GameTech Klasteri üzrə Ümumi Proqram
Bu il GameTech klasterinin əsas xəttini GHUB paneli, Turan Masters Esports turniri və Turkic Game Jam finalı təşkil edir. Proqram oyun sənayesinin inkişafına dair həm ekspert çıxışlarını, həm də iştirakçı fəaliyyətlərini bir araya gətirir. Proqram Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq.
GHUB Paneli — Oyun Ekosistemləri üzrə Müzakirə Platforması
Panel çərçivəsində oyun sənayesinin hazırkı göstəriciləri, tədris modelləri və ölkələrarası təcrübə mübadiləsi ətrafında geniş müzakirələr aparılacaq. Bu müzakirə dekabrın 9-da keçiriləcək.
Turan Masters Esports — 24 Saatlıq Turnir
Turnir boyu komanda sinxronluğu, oyun ritmi və taktiki uyğunlaşmalar real vaxtda izlənəcək, iştirakçılar isə peşəkar kibersport mühitinin bir parçası olacaqlar.
Yarış dekabrın 9-da gerçəkləşəcək.
Turkic Game Jam — Regional Hakatonun Bakı Finalı
Aprel ayında başlayan və beş ölkəni əhatə edən hakatonun yekun mərhələsi Bakıda toplanan qalib komandaların təqdimatı ilə tamamlanacaq. Komandalar öz layihələrini münsiflər qarşısında nümayiş etdirmək imkanı əldə edəcəklər. Final təqdimatı dekabrın 9-da baş tutacaq.
Qeydiyyat linki: week.creative.az