Azərbaycanda Beynəlxalq Fizika Tələbələri Assosiasiyasının yerli bölməsi fəaliyyətə başladı
Bakı, 4 avqust, AZƏRTAC
Beynəlxalq Fizika Tələbələri Assosiasiyasının yerli bölməsi Azərbaycanda fəaliyyətə başladı. “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Fizika Tələbələri Cəmiyyəti adı altında fəaliyyət göstərəcək təşkilat, eyni zamanda, Beynəlxalq Fizika Tələbələri Assosiasiyasının yerli bölməsi kimi çıxış edəcək.
Bu barədə AZƏRTAC-a “Bir Könüllü” Tələbə Təşkilatından məlumat verilib.
Bildirilib ki, təşkilatın əsas məqsədi Azərbaycanda fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələrin arasında şəbəkələşməni və əməkdaşlığı gücləndirmək, onların asudə vaxtının daha səmərəli və maraqlı keçirməsini təmin etməkdir. Belə ki, təşkilat fizika sahəsi üzrə beynəlxalq konfranslarda tələbələrin iştirakının təşviqi, fizika ilə bağlı elmi kontentlərin hazırlanması, müxtəlif təlim, müsabiqə, olimpiada, ustad dərsləri, hakaton, düşərgə və bu kimi fəaliyyətlərin təşkil olunmasını hədəfləyir. Təşkilata fizika və əlaqəli sahələr üzrə təhsil alan bakalavr, magistr, doktorantura və dissertantura tələbələri üzv ola bilər.
Qeyd edək ki, “IAPS” beynəlxalq tələbə platforması 1985-ci ildə fizika ixtisasında təhsil alan bir qrup macarıstanlı tələbənin digər ölkələrdəki həmkarları ilə əməkdaşlıq qurmaq niyyəti ilə yaranıb. Sonra 1987-ci ildə Beynəlxalq Fizika Tələbələri Assosiasiyası adı altında fəaliyyətə başlayıb. Hazırda dünyada “IAPS”-ın 24 milli, 21 yerli bölməsi fəaliyyət göstərir. Bu üzvlərə Norveç, Fransa, İtaliya, Almaniya, Avstriya, Hollandiya, Hindistan, Türkiyə, Meksika kimi bir çox ölkələrdən olan təşkilatlar daxildir.
Fizika ixtisası üzrə təhsil alan tələbələr təşkilatın sosial media səhifələrini izləməklə və qeydiyyat formunu doldurmaqla təqdim olunan imkanlardan yararlana bilərlər.