AZƏRBAYCANDA ƏMƏK PENSİYALARININ BAZA HİSSƏSİ ARTIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci ilin yanvarın 1-dən 60 manat olacaqdır. Bununla əlaqədar Prezident İlham Əliyev Sərəncam imzalamışdır. Bu, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə edilmişdir.
Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə və Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının, şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun artırılaraq yenidən hesablanması və bu Sərəncamdan irəli gələn məsələlərin həlli də tapşırılmışdır.
Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyaların baza hissəsi 50 manat təşkil edir. Ölkə qanunvericiliyinə əsasən qadınlar yaşa görə 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar.