Azərbaycanda ilk sanitar poliqonunun inşası gələn il yekunlaşacaq
Bakı, 18 sentyabr, AZƏRTAC
Əvvəllər paytaxtda toplanan bütün tullantılar Balaxanı poliqonuna daşınırdı. Bu zaman ekoloji qayda və normalara riayət olunmurdu. Belə ki, burada toplanan tullantılar çürüyür, alışır, əmələ gələn ziyanlı maddələr ətrafa yayılırdı. Lakin “Təmiz Şəhər” ASC fəaliyyətə başlayandan ilk növbədə tullantıların düzgün yerləşdirilməsi, poliqonun torpaqlama, hamarlama işlərini həyata keçirib və ətraf ərazilərdə yaşıllıqlar salıb. İndi poliqonun görkəmi tamamilə dəyişib. Artıq torpaqdan, sudan və havadan götürülən nümunələrin rüblük laboratoriya nəticələri üzrə müsbət dinamika müşahidə olunur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə burada bir çox tədqiqat işləri aparılıb və layihə sənədləri hazırlanıb.
Artıq tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Buradakı tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə olunur. Hücrələr dolduqda xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.
Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.
Sanitar poliqonda inşaat işləri 2016-cı ildə tamamilə yekunlaşacaq.