İQTİSADİYYAT
Azərbaycanda “İqtisadi araşdırmalar” adlı yeni beynəlxalq elmi jurnal təsis edilib
Bakı, 18 iyul, AZƏRTAC
Bu günlərdə “İqtisadi araşdırmalar” adlı yeni elmi məqalələr - elmi əsərlər toplusu olan beynəlxalq jurnal təsis edilib.
AZƏRTAC xəbər verir ki, jurnalın ölkə daxili və eyni zamanda, beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulub.
Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb.
Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər - elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulub.
Jurnal haqqında ətraflı məlumatı “www.iqtisadiarasdirmalar.com” saytından əldə etmək olar.