Azərbaycanda məişət tullantılarının həcmi 7 milyon kubmetr təşkil edib
Bakı, 28 avqust, AZƏRTAC
Cari ilin yeddi ayı ərzində ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması qanunvericiliyini pozan şəxslər barədə 71 protokol tərtib olunub, 62 min manat cərimə tətbiq edilib və 57 müddətli “məcburi göstəriş” verilib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Vaqif Mansurov məlumat verib.
V.Mənsurov, həmçinin ötən il ətraf mühitin mühafizəsi istiqamətində 75 akt, 90 protokol tərtib olunduğunu, 63 müddətli “məcburi göstəriş” verildiyini, təqsirkarların 89 fakt üzrə 83 min 200 manat cərimə edildiyini və 85 fakt üzrə işlərin hüquq-mühafizə orqanlarına göndərildiyini də qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov bildirib ki, Dövlət Statistika Komitəsinin 1 yanvar 2017-ci ilə olan məlumatına əsasən, Azərbaycanda 7 milyon kubmetr həcmində məişət tullantısı əmələ gəlib. Bu həcmdə tullantıların idarə olunması mükəmməl prinsip tələb edir. Baxmayaraq ki, paytaxtda tullantıların düzgün idarə olunmasında müəyyən irəliləyişlər əldə edilib, regionlarda hələ də primitiv üsullar tətbiq edilir.