AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏKDİR
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi bildirmişdir ki, Misir-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bu əlaqələrin əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Hüsni Mübarək ilə görüşü zamanı qoyulmuşdur. İndiki münasibətlər isə Prezident İlham Əliyevlə Məhəmməd Hüsni Mübarək arasında gedən danışıqların müsbət təzahürüdür.
“Azərbaycan və Misir hökumətləri arasında mədəni əməkdaşlıq haqqında” 2005-ci il martın 29-da imzalanmış sazişin müddəalarına uyğun olaraq, Azərbaycanda Misir mədəniyyəti günləri keçiriləcəkdir. Hazırda biz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu tədbirə hazırlaşırıq. İnanırıq ki, mədəniyyət günləri uğurla keçəcəkdir. Çünki Azərbaycan xalqı Misir kinosunu, musiqisini, mahnılarını çox sevir.
Keçən ilin noyabr ayında Misirdə Azərbaycan mədəniyyəti günləri böyük müvvəffəqiyyətlə keçmişdir. Biz orada sonsuz həvəslə və həzzlə Azərbaycan musiqisinə qulaq asdıq, incəsənətinizlə tanış olduq.
İnanırıq ki, azərbaycanlılar da Misir musiqisindən, mədəniyyətindən böyük həzz alacaqlar.