Azərbaycanda oynamış serbiyalı qapıçı: “Neftçi”nin əsas problemi komandada liderin olmamasıdır - MÜSAHİBƏ


Bakı, 14 aprel, AZƏRTAC
Vaxtilə Azərbaycanda “Neftçi” və “Sabah” komandalarında oynamış, “ağ-qaralar”ın heyətində çempionluqlar yaşamış serbiyalı qapıçı Saşa Stamenkoviç AZƏRTAC-a müsahibə verib. O, ölkəmizdə keçirdiyi günləri xatırlayıb.
- Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?
- Azərbaycanda özümü evdəki kimi hiss edirdim. Ölkəniz möhtəşəmdir. Orada oynamaq şərəfinə layiq olduğuma görə çox xoşbəxtəm. Xoş və qonaqpərvər insanlarınız var. Bakı üçün darıxıram.
- Sabiq komandanız “Neftçi”nin nəticələri yaxşı deyil. Sizcə, bunun səbəbi nədir?
- Düşünürəm ki, “Neftçi”nin əsas problemi liderin olmamasıdır. Hər bir komandanın həm meydanda, həm də kənarda lideri olmalıdır. Bu, uğur üçün başlıca amildir.
- “Neftçi” və “Sabah”ın oyunlarını izləyə bilirsiniz?
- Düzünü desəm, Azərbaycan çempionatını, həm də çıxış etdiyim komandaların oyunlarını izləməyə vaxtım yoxdur. Lakin nəticələrə baxıram. “Sabah”a gəlincə, komandanın yaxşı infrastrukturu var. Amma turnir cədvəlində qərarlaşdıqları yer o qədər də ürəkaçan deyil. İnanıram ki, Vasili Beruzutski komandanı çətin durumdan çıxaracaq.
- Eyni anda “Neftçi” və “Sabah”dan təklif alsaydınız, hansını seçərdiniz?
- Heç birini qəbul etməzdim. Çünki hazırda çıxış etdiyim “Mladost” komandasında özümü yaxşı hiss edirəm. Liqanın statistik göstəricilərinə görə, burada ən güclü qapıçı sayılıram.
- Azərbaycanda kimlərlə hələ də əlaqə saxlayırsınız?
- Şübhəsiz ki, keçmiş komanda yoldaşlarım və digər şəxslər. Mən Azərbaycandan getsəm belə, ürəyim hər zaman oradadır. Həmin şəxslər hər zaman mənə hörmət ediblər.
- Sizin üçün Azərbaycan mətbəxindən ən yaddaqalan yemək hansı olub?
- Bütün yeməkləriniz gözəldir. Amma ən yaxşısı kababdır. Çox dadlı hazırlanır.
- Sonda Azərbaycan xalqına nə demək istərdiniz?
- Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Ölkənizi Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edirəm. Mənə daim göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.