“AZƏRBAYCANDA ÖZƏLLƏŞDİRMƏNİN 10 İLİ: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA FORUM KEÇİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirmə prosesinin başlanmasının 10 illiyi münasibətilə iyulun 12-də Bakı Əyləncə Mərkəzində “Azərbaycanda özəlləşdirmənin 10 ili: nailiyyətlər və perspektivlər” mövzusunda Forum keçirmişdir.
Forumdan əvvəl komitənin kollektivi Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşdur. Onlar tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə gül dəstələri düzmüşlər.
Azərbaycanda özəlləşmənin 10 illiyinə həsr olunmuş film nümayiş etdiriləndən sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov forumu giriş sözü ilə açaraq, tədbirin işinə uğurlar arzulamışdır.
İqtisadi siyasət məsələlərı üzrə dövlət müsavirı Vahid Axundov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu (məktubun mətni qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunub).
“Dövlət əmlakının özəlləşdirilməsi: 10 ildə keçilmiş yol” mövzusunda məruzə edən K.Həsənov dedi ki, özəlləşdirilmə sahəsində dövlət siyasəti ulu öndərimiz Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş əsaslı iqtisadi islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə baş alıb gedən xaos və anarxiya ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra yürütdüyü müdrik siyasət nəticəsində aradan qaldırılmış, ictimai-siyasi və iqtisadi həyatda sabitlik təmin edilmişdir. Bunun sayəsində ölkəmizdə yeni təsərrüfat sisteminin - bazar iqtisadiyyatının formalaşdırılmasına və inkişafına yönəldilmiş əsaslı islahatların həyata keçirilməsinə əlverişli şərait yaranmışdır.
Keçmiş sovetlər ittifaqının dağılması, mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sistemlərinin pozulması, respublikalararası və müəssisələrarası iqtisadi əlaqələrin kəsilməsi nəticəsində dövlət mülkiyyətində olan müəssisələrin səmərəli idarə edilməsi sahəsində ciddi problemlərin yarandığını xatırladan natiq bildirdi ki, həmin illərdə dövlət müəssisələrinin maliyyə-iqtisadi göstəriciləri kəskin surətdə aşağı düşmüş, müəssisələrdə iş yerlərinin bağlanması işsizlik probleminin yaranmasına səbəb olmuşdu. Satış bazarlarının itirilməsi, xammal mənbələrinin əlçatmazlığı əksər dövlət müəssisələrinin iflası ilə nəticələnmişdi. Bu mənfi meyillər ümumilikdə ölkənin makroiqtisadi göstəricilərində də öz əksini tapmışdı. İnflyasiyanın yüksək həddi və onun nəzarətdən çıxması, ümumi daxili məhsulun həcminin davamlı olaraq aşağı düşməsi, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının, daxili və xarici ticarət dövriyyələrinin kəskin azalması, işsizlik və sosial problemlərin hökm sürməsi böhranı daha da dərinləşdirmişdi.
Belə bir şəraitdə iqtisadiyyatın bütün sahələrində əsaslı islahatların və struktur dəyişikliklərinin aparılması zəruriliyi ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. İqtisadi islahatlarda xüsusi rolu olan özəlləşdirmənin qarşısında iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması və rəqabət mühitinin formalaşdırılması, müəssisələrə sərmayələrin, o cümlədən xarici investisiyaların cəlb edilməsi, iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması kimi məqsədlər qoyulmuşdu.
Ulu öndərimizin təşəbbüsü və rəhbərliyi altında “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın hazırlandığını xatırladan natiq dedi ki, bu sənədin icrası ilə 10 il bundan öncə ölkəmizdə kütləvi özəlləşdirmə siyasəti həyata keçirilməyə başlanmışdır. Özəlləşdirmədə sosial ədalət prinsipinin təmin olunması və prosesdə vətəndaşlarımızın bütün təbəqələrinin iştirakı məqsədi ilə dövriyyəyə dövlət özəlləşdirmə payları buraxılmış və əmək kollektivlərinin özəlləşdirmədə güzəştli iştirakı üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır. İdarəetmə strukturlarının islahatı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1996-cı ildən sonrakı dövrlərdə 30-dan çox nazirlik, dövlət komitəsi, konsern və şirkətin ləğv edilməsi, onların müəssisə və obyektlərinin özəlləşdirməyə açıq elan edilməsi barədə fərman və sərəncamlar imzalanmışdır. Həmin qərarlar özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin yaratmışdır.
I Dövlət Proqramı çərçivəsində həyata keçirilən özəlləşdirmə tədbirləri nəticəsində ölkəmizdə sahibkarlığın təşəkkül tapdığını vurğulayan komitə sədri bildirmişdir ki, bu proses bazar təsərrüfatçılığı sisteminin formalaşmasında da mühüm rol oynamışdır. Bu baxımdan özəlləşdirmə sahəsində dövlət siyasəti iqtisadi siyasətin digər müvafiq istiqamətləri ilə sıx əlaqələndirilmişdir. Eyni zamanda əhalinin sosial müdafiəsini təmin etmək və özəlləşdiriən müəssisələri əlavə borc yükündən azad etmək məqsədi ilə özəlləşdirilən müəssisələrdə sosial ödəmələr üzrə işçilərə yaranmış borcların dövlət tərəfindən ödənilməsi barədə ulu öndərimiz tərəfindən verilmiş Fərman böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Məruzədə deyilir ki, 10 ildə davam edən özəlləşdirmə prosesi nəticəsində 35 mindən çox kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilmiş, 1500-dən çox orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 120 mindən çox səhmdar meydana gəlmiş, kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi yolu ilə 300 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşmışdır. Özəlləşdirilmiş müəssisələrdə təqribi hesablamalara görə 400 mindən artıq vətəndaş işlə təmin edilmiş, ümumilikdə götürdükdə 1 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnmişdir. Nəticədə ölkə iqtisadiyyatında özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. İqtisadi islahatların və özəlləşdirmənin həyata keçirilməsi nəticəsində artıq ümumi daxili məhsulun 80 faizə qədəri özəl sektorun payına düşür.
K.Həsənov əmin etmişdir ki, Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirmənin həyata keçirilməsi sahəsində qarşıda duran bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Özəlləşdirmənin Azərbaycanın müstəqillik tarixində mühüm nailiyyətlərdən biri olduğunu bildirən Milli Məclisin iqtisadi siyasət daimi komissiyasinin sədri Ziyad Səmədzadə dedi ki, bu sahədə əldə olunan bütün uğurlar ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ilə bağlıdır. Ölkəmizdə azad iqtisadiyyatın formalaşması, sahibkarlığın inkişafı üçün münbit şərait yaradılması, xarici sərmayənin təhlükəsizliyinə təminat və digər mühüm məsələlər Azərbaycanın beynəlxalq imicini yüksəltmişdir. Ümumi daxili məhsulun 80 faizinin iqtisadiyyatın özəl bölməsinin payına düşməsi bir daha təsdiq edir ki, Azərbaycanda sahibkarlığın inkişafına diqqət və qayğı göstərilir, bazar iqtisadiyyatının əsas prinsipləri qorunur.
Avropa Yenidənqurma və İnkisaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Reymond Konvey dedi ki, AYİB keçmiş SSRİ, Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçid mərhələsinə kömək məqsədi ilə 1991-ci idə təsis edilmişdir. Ötən müddətdə həm keçid mərhələsini yaşayan ölkələrdə özəlləşdirmə prosesində, həm də bizim bank inkişaf edərək zəngin təcrübə qazanılmışdır.
AYİB-in regional mərkəzlərində tezliklə Londondan olan mütəxəssislərin fəaliyyətə başlayacağı barədə məlumat verən natiq dedi ki, bu yenilik müştərilərə daha səmərəli və faydalı xidmət göstərməyə geniş imkanlar yaradacaqdır. Azərbaycanda da özəl bölmə bankın təkmilləşən xidmətindən faydalanacaqdır. Təcrübəli bank mütəxəssislərinin yerli sahibkarlarla əlaqəli fəaliyyəti Azərbaycanda özəl sektorun daha sürətli inkişafına, özəlləşdirmənin bundan sonrakı mərhələsinin daha uğurla başa çatmasına imkan verəcəkdir.
Forumda çıxış edən sahibkarlar iqtisadiyyatın özəl bölməsinin inkişafına göstərilən diqqət və qayğıdan danışdılar. Qeyd olundu ki, cəmiyyətin inkişafında mühüm rolu olan iqtisadi tərəqqinin yaranmasında sahibkarların da üzərinə ağır və şərəfli məsuliyyət düşür. Xüsusilə, müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul istehsal etmək və istehlak bazarında sağlam rəqabətə nail olmaq üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır.
Tədbirin iştirakçılarına “Azərbaycanda özəlləşdirmənin 10 ili: nailiyyətlər və perspektivlər” adlı kitab paylandı.
Forumda Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, sahibkarlar iştirak etmişlər.