“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində 16-21 yaş kateqoriyası üzrə olan uşaqlar üçün plener keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq plenerin əhəmiyyətindən danışıb.
Xətai Rayon İcra Hakimiyyətinin mədəniyyət şöbəsinin müdiri Pənah İmanov Vətən müharibəsində rəşadətli Ordumuzun qələbəsindən danışıb və rayonunda baş tutan mədəni tədbirlərdən məmnunluğunu bildirib.
Çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli uşaqlar və yeniyetmələr üçün keçirilən bu kimi tədbirlərin gənc nəslə olan təsirindən danışıb.
Qeyd edilib ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilib.
Tədbirin sonunda planerin, həm də festivalın bu yaş kateqoriyası üzrə qaliblərinin adı açıqlanıb. Birinci yerə Eşqin Quliyev, ikinci yerə Aytən Məmmədova, üçüncü yerə isə Nərgiz İbrahimzadə layiq görülüb.
Qaliblər və hər bir tədbir iştirakçısı mükafatlandırılıb.
Festival 3 gün davam edəcək.