Azərbaycanın ali təhsil müəssisələrinin rektorları xarici ölkələrin təcrübələrini öyrənirlər
Bakı, 11 iyul, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (ATU) tərəfdaş qismində çıxış etdiyi “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi çərçivəsində iyulun 10-dan 14-dək İspaniyanın Madrid şəhərinə səfər təşkil edilib.
Səfər çərçivəsində tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransının, eləcə də və İspaniya ali təhsil müəssisələrinin, həmçinin Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübələri öyrənilir.
Azərbaycan Texnologiya Universitetindən AZƏRTAC-a bildirilib ki, səfərdə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman, layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərdən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edir. Azərbaycan Texnologiya Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil edirlər.
Təlim-seminarlara Charles III Universitetində start verilib. Tədbirdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov çıxış edərək, ali təhsil müəssisələrinin inkişafına verdiyi töhfələr baxımından ECAR və digər beynəlxalq layihələrin xüsusi önəmindən danışıblar.
Sonra İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa təcrübələrini bölüşüb. Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri haqqında təqdimatla çıxış edərək, sualları cavablandırıb.
İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi Angela Alcala isə tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, o cümlədən sektorlararası münasibətlər və koordinasiyanın vacibliyi barədə məlumat verib.
Sual-cavab sessiyasında xarici ekspertlərlə faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə reallaşan “Azərbaycan Rektorlar Konfransının yaradılması” - ECAR Erasmus+ layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.