AZƏRBAYCANIN ANKARADAKI SƏFİRLİYİNDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ
Səfir Məmməd Əliyev mərasimi giriş sözü ilə açaraq, ulu öndərimizin şərəfli həyat yolundan danışdı.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dost və qardaş ölkələrimiz arasındakı sıx əməkdaşlıq münasibətlərindən söhbət açdı, bunun strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xüsusi əməyini və rolunu vurğuladı.
Azərbaycanın böyük dostu, dünya şöhrətli alim İhsan Doğramacı türk dünyasının böyük siyasi xadimi Heydər Əliyev ilə ilk görüşlərini yada saldı.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatları, xarici ölkələrin diplomatları, Ankarada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak edirdilər.
X X X
İSTANBULDA ULU ÖNDƏRİMİZİN XATİRƏSİ YAD EDİLDİ
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü münasibətilə İstanbulun “Çırağan” mehmanxanasında təntənəli tədbir keçirilmişdir. Tədbirdə İstanbul valiliyinin, şəhər bələdiyyəsinin rəhbərləri, xarici ölkələrin diplomatları, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Cəmiyyətinin üzvləri, burada yaşayan, işləyən həmvətənlərimiz, tələbələrimiz iştirak edirdilər. Respublikamızın İstanbuldakı baş konsulu İbrahim Yaqubov tədbiri açaraq, əfsanəvi liderimizin Azərbaycan, bütün türk dünyası qarşısındakı misilsiz xidmətlərindən ətraflı danışdı.
ABŞ diplomatı Conatan Henik çıxışında Heydər Əliyev fenomenindən bəhs edərək, onun ölkədə sabitlik və əmin-amanlığa nail olaraq, demokratiya yolunda sürətli inkişaf üçün şərait yaratdığını vurğuladı.