Azərbaycanın Avstraliyadakı diaspor təşkilatları daha mütəşəkkil qaydada fəaliyyət göstərəcəklər
Bakı, 2 dekabr (AZƏRTAC). Azərbaycanın Avstraliyadakı səfirliyində bu ölkədəki azərbaycanlı icmasının tanınmış üzvləri və fəalları ilə görüş keçirilmişdir.
Avstraliya-Azərbaycan Türk Dostluq Birliyindən AZƏRTAC-a bildirilmişdir ki, görüşün məqsədi Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə fəaliyyətinin qarşısının alınması məsələlərinin müzakirə edilməsi olmuşdur.
Görüşdə çıxış edən Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov son illərdə ölkəmizdə qazanılmış nailiyyətlər, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, xarici dövlətlərdəki diaspor təşkilatlarına verilən dəstək barədə danışmışdır.
Səfir demişdir ki, Avstraliyadakı erməni diasporunun əsas təşkilatı - Avstraliya Erməni Milli Komitəsi (ANCA) Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır. Təəssüf ki, bu yalan kampaniyası əksər hallarda cəmiyyətdə ölkəmizlə bağlı kifayət qədər məlumatın olmamasından istifadə edilərək həyata keçirilir. Ermənilərin bu fəaliyyətinin qarşısının alınması üçün ilk addım Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə düzgün çatdırılmasının təmin olunması və bu istiqamətdə əlaqəli və mərkəzləşdirilmiş qaydada hərəkət edilməsidir.
Tədbirdə çıxış edən Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmamətdin Qasımov görülən işlər barədə məlumat vermiş, yerli hakimiyyət orqanları, ictimai qurumlar və türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlıqdan danışmışdır.
Görüşdə irəli sürülən təkliflər əsasında Avstraliyanın azərbaycanlı icmasının üzvlərinin təmsil olunduğu qurumların vahid federasiya və ya konfederasiya formatında birləşdirilməsi qərara alınmış və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunmuşdur. Könüllülük prinsipi əsasında doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilmiş, yaradılacaq qurumun əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.