Azərbaycanın bölgədəki rolu Türkmənistanla siyasi dialoqun qurulmasında vacib rol oynayır
Bakı, 14 dekabr, Elmir Səftərov, AZƏRTAC
Dövlətimizin başçısının Türkmənistana səfəri bir neçə səbəbdən vacib əhəmiyyətə malikdir. Birincisi, Türkmənistan karbohidrogen ehtiyatlarının dünya bazarına Azərbaycan vasitəsilə çıxarılmasıdır. İkincisi, Türkmənistanın Türk Dövlətləri Təşkilatında (TDT) və bölgə üzrə yeni əməkdaşlıq platformasında iştirakını təmin etmək, üçüncüsü isə Ankara-Bakı-Aşqabad siyasi xəttini yaratmaq və yaxın gələcəkdə bu istiqamətdə məqsədli siyasi hədəflərə nail olmaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
O qeyd edib ki, Azərbaycan bölgə üzrə təklif etdiyi 3+3 əməkdaşlıq platformasını uğurlu şəkildə Orta Asiyaya transformasiya edir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Həmçinin siyasi və iqtisadi münasibətlər artıq Azərbaycanın xeyrinə dividendlər yaradır. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Azərbaycanın mövqeyinin güclənməsini buna misal göstərmək olar.
Politoloq bildirib ki, Azərbaycan Orta Asiyada siyasi və iqtisadi təşkilatlar daxilində də əməkdaşlığa üstünlük verir. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) buna bariz nümunə ola bilər. Bununla yanaşı, ikitərəfli əlaqələrin də inkişaf etdirilməsi Azərbaycan üçün olduqca vacibdir. Zəngin neft və qaz yataqlarına sahib Türkmənistana Avropa bazarına çıxış üçün Azərbaycan kimi etibarlı tərəfdaş lazımdır. Bunu zəruri edən dil, din, mədəniyyət və ortaq siyasi iradə artıq formalaşıb. Növbəti addım yeni layihələrin icrası ola bilər.
A.Əliyev əlavə edib ki, eyni zamanda, Türkiyə də Azərbaycan vasitəsilə Türkmənistanın TDT çərçivəsində aktivliyinin artırılmasında maraqlıdır. Bu səbəbdən də Azərbaycanın iqtisadi partnyor kimi bölgədəki rolu Türkmənistanla uyğun siyasi dialoqun qurulmasında vacib rol oynaya bilər. Son zamanlar isə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjiyə olan tələbatının daha da artması Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərin daha inkişaf etmiş mərhələyə keçməsini zəruri edir.