Azərbaycanın daxili turizmində daha çox tələbat olan regionlar şimal, cənub və qərb bölgələridir
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycanın daxili turizmində daha çox tələbat olan regionlar şimal, cənub və qərb bölgələridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Şimal bölgəsində böyük inkişaf getdiyini bildirən nazir burada yeni hotelin tikildiyini, yolun inşasının tamamlandığını diqqətə çatdırmışdır.
Nazir demişdir: “Kür çayının ətrafında yerləşən təbiət guşələri çoxdur. Onların inkişafı üçün regional proqram mövcuddur. Yay mövsümündə o yerlərin çox isti olması ilə əlaqədar olaraq kimisə həmin yerlərə getməyə məcbur etmək olmaz. Bu insanların öz seçimidir. Orada xüsusiləşdirilmiş turizm növləri - balıqçılıq, ovçuluq mövcuddur ki, bunlar daha çox payızda, yazda müşahidə olunur. Elə həmin mövsümdə də bu bölgəyə maraq daha çox olur”.
Azərbaycanda hotellərin təsnifatına gəlincə, nazir bildirmişdir ki, bununla bağlı iş davam etdirilir. Hər həftə bizə üç-dörd hotel müraciət edir, təsnifat komissiyası bu işlə ciddi məşğul olur və bunun üçün hər hansı vəsait ödəməyə də ehtiyac yoxdur. Bu, sadəcə lazımi bir prosedurdur. Prosedurlar bizim mütəxəssislərin, eləcə də İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin nümayəndələrinin birgə iştirakı ilə həyata keçirilir. Artıq biz lisenziya verilməsinin keyfiyyət mərhələsindəyik. Lisenziya əldə edən hotel bir həftədən və ya beş aydan sonra təsnifatın müəyyənləşdirilməsi üçün müraciət edə bilər. Bu hal həm də qiymət siyasətinə müsbət təsir göstərir.