Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçmək istəyənlərin nəzərinə
Bakı, 6 iyul, AZƏRTAC
“AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbə və məzunların karyera inkişafına dəstək olmaq məqsədilə mütəmadi olaraq ödənişli təcrübə proqramı həyata keçirir. Növbəti təcrübə proqramı 2023-cü il yay aylarında 2 ay müddətində təşkil olunacaq.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “AzInTelecom” aşağıdakı sahələr üzrə təcrübə və iş imkanları təklif edir: Maliyyə nəzarəti və vergilər; Mühasibatlıq; Büdcə və hesabatlılıq; İnformasiya təhlükəsizliyi; Məhsul və xidmətlər; Marketinq; Müştərilərlə əlaqələr (Zəng mərkəzi); Keyfiyyətə nəzarət; Hüquq; Sənədlərə nəzarət (kargüzarlıq); Təchizat zəncirinin idarəolunması; Informasiya texnologiyaları; Elektrik mühəndisliyi və ya avtomatlaşdırma; Namizədlər üçün ilkin tələblər: Bakalavr və ya magistr dərəcələri üzrə sonuncu kurs tələbələri və yeni məzunlar; Təhsili yuxarıda qeyd olunan sahələrə uyğun ixtisaslar üzrə olan şəxslər; Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.
Müraciət üçün 2023-cü il iyulun 20-dək [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” və seçilən sahəni qeyd edin. (Məs: “Təcrübə proqramı”, Hüquqşünaslıq)
Qeyd edək ki, keçirilən təcrübə proqramı gənclər, tələbə və məzunlar arasında olduqca maraqla qarşılanır. 2021-ci ildə təcrübə keçən şəxslər arasında isə fərqlənən 21 nəfər şirkətin əməkdaşı kimi fəaliyyətini davam etdirib. 2022-ci ildə elan edilən proqrama 2000-dən çox gənc müraciət edib və onlardan 46 nəfər şirkətdə təcrübə keçmək şansı qazanıb. Proqramın sonunda öz aktivliyi, bilik və bacarıqları ilə seçilən 19 nəfər “AzInTelecom”da işlə təmin edilib.