Azərbaycanın ən yeni tarixi, qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Şəki, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də dərin hörmət və ehtiramla anılıb. Dahi şəxsiyyətin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin anım günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki rayon təşkilatı və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycanın ən yeni tarixinin, qazanılmış möhtəşəm uğurların Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müasir iqtisadiyyatın əsaslarının yaradıldığını, əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd olunub ki, xarici siyasət sahəsində böyük dönüşün yaranması, 1994-cü ildə atəşkəsin əldə olunması, milli ordunun yaradılması istiqamətində atılan addımlar, “Əsrin müqaviləsi” neft kontraktının imzalanması, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında vacib rolu olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, 30-cu ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan Konstitusiyasının qəbulu bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxışında Azərbaycan tarixinin son dərəcə ağır bir dövründə ziyalıların ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət etməsindən, Ulu Öndərin rəhbərliyi ilə yaradılan YAP-ın Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılması istiqamətində uğurla fəaliyyət göstərməsindən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi Nərgiz Heydərova çıxışında dövlətimizin elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğısından bəhs edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan təhsil sisteminin həm tarixi inkişafını, həm də müasir modernləşmə prosesini müəyyən edən əsas amil olub. Onun siyasi irsində təhsil hər zaman milli inkişafın əsas şərti kimi dəyərləndirilib. Qeyd olunub ki, ölkəmizdə təhsilin inkişafına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Bu siyasət nəticəsində təhsil sistemi daha keyfiyyətli, rəqabətqabiliyyətli və tələblərə uyğun şəkildə inkişaf etməkdədir.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.
Dekabrın 12-də şəhər saatlarından başlayaraq Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, hərbiçilər, ictimaiyyət nümayəndələri, gənclər Ulu Öndərin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla anıb, Mərkəzdə Ulu Öndərə həsr olunmuş sərgi ilə tanış olublar.