Azərbaycanın fudokan komandası Avropa çempionatını dörd medalla başa vurub
Bakı, 6 oktyabr, AZƏRTAC
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatını Azərbaycan komandası dörd medalla başa vurub.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında komanda yarışında böyük əzmkarlıq nümayiş etdirən millimizin kapitanı Ülvi Məmmədov ciddi zədə almasına baxmayaraq, mübarizəni sona qədər davam etdirib. Gərgin idman mübarizəsinin sonunda yığmamız yarışda üçüncü yeri tutub. Böyüklər arasında komanda yarışlarının bürünc medalı Ülvi Məmmədova təqdim edilib.
Uşaqların yarışında Elməddin Səlimli bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. İdmançılarımız Əsəd İmanov gümüş, Nicat Əsədov (18-21 yaşlılar) bürünc medallara layiq görülüblər. Komandanın digər üzvü Ülvi Məmmədov isə ciddi zədə səbəbindən şəxsi qarşılaşmalarda mübarizə apara bilməyib.
Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi ilə dörd idmançı təmsil edib. Komandamız yarışa Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə yollanıb.
Qitə çempionatında 30-dan çox ölkənin idmançıları mübarizə aparıblar.