AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ BÖYÜK HİSSƏSİ EKOLOJİ TƏMİZ MƏHSULLARDIR
Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycanın kənd təsərrüfatı məhsullarının böyük hissəsi ekoloji təmiz məhsullardır.
Bunu kənd təsərrüfatı naziri İsmət Abasov demişdir. Onun sözlərinə görə, ölkəmizdə ekoloji təmiz məhsulların istehsalında mineral gübrələrdən daha az istifadə olunması xarici alıcılarda böyük maraq oyadır. Məhz bu səbəbdən onlar bitkiçilik və meyvə-tərəvəz məhsullarını daha çox alırlar. “Biz artıq təkcə qonşu dövlətlərə məhsul ixrac etmirik. Avropa ölkələrindən Azərbaycana gələn iş adamları ilə də əlaqələr qurulmuşdur. Onlarda da Azərbaycanın bitkiçilik və meyvə-tərəvəz məhsullarına maraq böyükdür”, - deyən nazir "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qəbul olunmuş qanuna müvafiq olaraq tədbirlərin həyata keçirildiyini söyləmişdir. Hazırda kənd təsərrüfatı məhsullarına tələb olunan gübrənin cəmi 10 faizinin verildiyini qeyd edən İ.Abasov heç bir kimyəvi tərkibi olmayan bir neçə təsərrüfatın mövcudluğunu da diqqətə çatdırmışdır.
Bildirmişdir ki, hələlik belə təsərrüfatların sayı elə də çox deyildir. Ancaq məhsulun satışı nəticəsində bu sahənin də inkişafına nail olunacaq və belə təsərrüfatların sayı artacaqdır. Çünki bazar iqtisadiyatınn qanunlarına uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı məhsullarının qiyməti daha yüksək olur.