AZƏRBAYCANIN MDB VƏ DÜNYA ÖLKƏLƏRİ İLƏ TİCARƏT ƏLAQƏLƏRİ DAHA DA İNKİŞAF EDƏCƏK
İclasda “Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi qaydaları haqqında” 1996-cı il 12 aprel tarixli Sazişdə nəzərdə tutulan “Ümumi preferensiyalar sistemi çərçivəsində tarif preferensiyalarının təqdim edilməsi zamanı inkişaf edən ölkələrin mallarının mənşəyinin müəyyən edilməsi qaydalarına dəyişiklik və əlavələrin edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan Hökuməti bu sənədi 2002-ci ilin oktyabrında Kişinyovda MDB dövlət və hökumət başçılarının zirvə görüşündə imzalamışdır.
İqtisadi İnkişaf Nazirliyi istehlak mallarının ekspertizası mərkəzinin direktoru Xaliq Məmmədov demişdir ki, hazırda Azərbaycan MDB, eləcə də dünyanın bir sıra ölkələri ilə ticarət əlaqəsi qurmuşdur. Yuxarıda adı çəkilən Sazişdə bəzi malların idxal və ixracı zamanı güzəştlər nəzərdə tutulub. Sənədə təklif olunan əlavə dəyişikliklərdə malların sertifikatlarının lazım olan qaydada doldurulması və mütləq şəkildə gömrük orqanlarına məlumat verilməsi tələb edilir. Bu cür sənədlər malların satışında, eləcə də ticarət əlaqələrinin daha da inkişafında xüsusi rol oynayacaqdır. Əks halda idxalçı ölkə ixracat məhsulunu dayandıra, geri qaytara bilər.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, bu Sazişə əlavə olunan Protokola əlavə və dəyişikliklərin edilməsi ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Sonda layihəni parlamentin müzakirəsinə çıxarmaq qərara alınmışdır.