Azərbaycanın mina problemi ilə bağlı haqlı çağırışlarına beynəlxalq təşkilatlar cavab verməlidirlər - Açıqlama
Bakı, 7 iyul, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərini minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlətimizin başçısı, vətəndaş cəmiyyəti təsisatları, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır.
Bunu AZƏRTAC-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Bildirib ki, Prezident İlham Əliyev də bütün çıxışlarında mina probleminə toxunur. Qoşulmama Hərəkatının Bakıda keçirilən yüksək səviyyəli görüşündə bu məsələyə toxunan dövlətimizin başçısı Azərbaycanın dünyada ərazisi minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu qeyd edib: “Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır”.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi olaraq bu ilin fevral ayında “Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda beynəlxalq kampaniya” adlı hesabat üzrə tədqiqat aparmışdıq. Həmin tədqiqat nəticəsində müəyyənləşdirmişdik ki, Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk onluqdadır. Bu hesabata və məlumata 2020-ci ildə Vətən müharibəsi zamanı işğaldan azad edilən ərazilərdəki mina məsələsi daxil deyil.
Onun sözlərinə görə, dövlətimizin başçısı Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə mina probleminin vətəndaşlarımızın hüquqlarını pozduğunu bir daha xatırladıb: “Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı”.
İctimai Birliyin sədri daha sonra deyib: “Təəssüflər olsun ki, qarşılaşdığımız problemin mənfi nəticələrini və ağır fəsadlarının şahidi oluruq. Mina qurbanlarının sayı durmadan artır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatdan sonra Azərbaycanda 300-dən çox şəxsin minaya düşməsi ilə bağlı məlumat qeydə alınıb. Bunlardan 57 nəfər həlak olub, 247 nəfər xəsarət alıb. Həlak olan 57 nəfərin 44-ü mülki şəxslərdir. Onların arasında jurnalistlər, minatəmizləyənlər və uşaqlar da var. Bu bir daha onu göstərir ki, mina problemi həqiqətən çox ciddidir. Azərbaycan beynəlxalq birlikdən bu problemin həll olunması üçün dəstək istəməkdə haqlıdır. Çünki “Piyada əleyhinə minaların qadağan olunması uğrunda beynəlxalq kampaniya”, - buna Ottava Konvensiyası da deyirlər, - imzalandıqdan sonra minaların təmizlənməsi və onlarla mübarizə məsələləri yalnız ölkələrin daxili işi hesab olunmur. Çünki minalarla mübarizə insan hüquqları ilə bağlı məsələ olduğu üçün, eyni zamanda, bu, humanitar fəlakətdir. Ona görə də donor ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanın mina problemində haqlı çağırışlarına cavab verməlidirlər”.
Dövlətimizin başçısı görüşdəki çıxışında minaların yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngitdiyini diqqətə çatdırıb: “Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər”.
İctimai Birliyinin sədri söyləyib ki, ötən ayın 19-da Cenevrə şəhərində keçirilmiş Ottava Konvensiyasına üzv dövlətlərin beynəlxalq konfransında Cənubi Qafqazdakı mina problemləri ilə bağlı tədbir təşkil olundu: “Təşkilatımız müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizin mina problemini onların daim diqqətinə çatdırır”.
“Yeri gəlmişkən, təşkilatımız iyulun 1-dən “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə monitorinqlər keçiriləcək və minatəmizləmə əməliyyatları barədə müfəssəl məlumatlar toplanacaq. İnsanların minaya düşməsinin səbəbləri təhlil olunacaq. Bu məsələlər yekun hesabatda sistemləşdirilərək əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlara, donor ölkələrin nümayəndələrinə, dünyadakı müxtəlif QHT-lərə göndəriləcək. Minalarla mübarizə məsələsi ölkəmiz üçün uzunmüddətli işdir. Ona görə də həm hökumət strukturları, həm də biz vətəndaş cəmiyyəti təsisatları həmin problemi mütəmadi olaraq diqqətdə saxlamalı və bütün fəaliyyətimizi bu istiqamətə qurmalıyıq”, - deyə Hafiz Səfixanov vurğulayıb.