Azərbaycanın müdafiə naziri AŞPA-nın məruzəçisi ilə görüşüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində 20 ildən artıqdır öz doğma yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri barədə ətraflı məlumat verib.
General-polkovnik Zakir Həsənov beynəlxalq hüququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulduğunu vurğulayaraq qoşunların təmas xəttində gərginliyin artmasının səbəbləri barədə danışıb və qonaqları maraqlandıran bir sıra sualları cavablandırıb.
Münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə ilin əvvəlində Azərbaycana səfərini xatırladan R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi müsbət qarşılanıb.
Müdafiə naziri R.Uolterin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunmaqla təmas xəttinə səfəri, yerli əhali və şəxsi heyətlə görüşlərin keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.