Azərbaycanın müdafiə naziri Qazaxıstanın Müdafiə Universitetində olub
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 4-də Müdafiə Universitetində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Zakir Həsənov Qazaxıstanın Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində yaradılan şəraitlə maraqlanıb.
General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili və universitet haqqında təqdim edilən brifinq ilə tanış olub.
Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunun vurğulandığı görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusilə diqqətə çatdırılıb.