Azərbaycanın Müstəqillik Günü münasibətilə Yekaterinburqda tədbir keçirilib
Yekaterinburq, 28 may, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Sverdlovsk vilayətində və ətraf bölgələrdə yaşayan diaspor üzvləri, eləcə də bu şəhərdə təhsil alan soydaşlarımız iştirak ediblər.
Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayəti hökuməti adından xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin, vilayətin Qanunvericilik Məclisinin adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Veqner, ombudsman Tatyana Merzlyakova və “Azərbaycan-Ural” İctimai Təşkilatının sədri Şahin Şıxlinski çıxış edərək, ikitərəfli əlaqələrin inkişafından, Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətindən və iqtisadi-mədəni əməkdaşlığın digər istiqamətlərindən danışıblar.
Çıxışında Şöhrət Mustafayev 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmasından, Konstitusiyanın qəbulunun 30 illiyi və ərazi bütövlüyünün bərpasının 5 illiyi münasibətilə keçirilən tədbirlərdən bəhs edib.
Rəsmi qəbul milli musiqi və mətbəx nümunələrinin təqdimatı ilə başa çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq