Azərbaycanın orta güc statusu və Şuşa mesajları: Ekspert müzakirəsi
Bakı, 16 iyul, AZƏRTAC
Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə "Azərbaycanın orta güc statusu və Cənubi Qafqazda yeni geosiyasi reallıq: Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili" mövzusunda ekspert müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, siyasi analitiklər, beynəlxalq münasibətlər üzrə ekspertlər və media nümayəndələri iştirak ediblər.
Müzakirələrdə bildirilib ki, Prezident İlham Əliyevin Şuşa Beynəlxalq Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetlərini, milli maraqlara əsaslanan strateji kursunu və ölkənin dəyişən beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirir.
Qeyd olunub ki, Azərbaycan hazırda yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında siyasi, iqtisadi və nəqliyyat proseslərinə təsir göstərən mühüm aktorlardan biri kimi çıxış edir. Müasir beynəlxalq münasibətlər sistemində orta güc statusu dövlətin regional və beynəlxalq proseslərə təsir imkanları, etibarlı tərəfdaş kimi çıxış etməsi, vasitəçilik təşəbbüsləri və milli maraqlarını müstəqil şəkildə müdafiə etmək bacarığı ilə müəyyən olunur.
İştirakçılar bildiriblər ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar prinsipləri əsasında quraraq müstəqil xarici siyasət həyata keçirir. Bu yanaşmanın ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, regional təşəbbüslərin müəllifi kimi çıxış etməsinə və qlobal əməkdaşlıq proseslərində rolunun artmasına imkan yaratdığı diqqətə çatdırılıb.
Müzakirələr zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin Azərbaycanın orta güc statusunu konkret siyasi, iqtisadi və diplomatik nəticələrlə təsdiqlədiyi qeyd olunub. Bildirilib ki, ölkəmiz təhlükəsizlik, enerji, logistika, yaşıl transformasiya və regional əməkdaşlıq sahələrində etibarlı tərəfdaş kimi qəbul edilir.
Ekspertlər 2020-ci ildən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın regionda əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə uzunmüddətli sülhün, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafının, eləcə də regiondaxili kommunikasiyaların açılmasının daha geniş Avrasiya məkanında iqtisadi və geosiyasi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Çıxışlarda Azərbaycanın strateji məqsədinin Cənubi Qafqazı geosiyasi rəqabət məkanından qarşılıqlı etimad və əməkdaşlıq regionuna çevirmək olduğu vurğulanıb. Bu baxımdan Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajların region dövlətləri arasında əməkdaşlığın, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin və qarşılıqlı etimadın vacibliyini bir daha nümayiş etdirdiyi qeyd olunub.