CƏMİYYƏT
Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir
İslamabad, 14 sentyabr, Hilal Əhməd, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda “İqlimyönümlü təhsil” mövzusunda keçirilən seminarda vurğulayıb ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi onun iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyə sadiqliyini bir daha sübut edir.
Təhsilli əhalinin iqlim problemlərinə qarşı daha dözümlü və daha yaxşı hazırlıqlı olduğunu vurğulayan səfir X.Fərhadov bildirib ki, inkişaf strategiyasının bir hissəsi kimi ölkədə iqlimə uyğun “ağıllı şəhər”lərin yaradılması ilə Azərbaycan örnək bir ölkədir.
Seminarda, həmçinin Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Khurshid Alam, Davamlı İnkişaf Siyasəti İnstitutunun icraçı direktoru Abid Qayium Suleri, UNICEF-in ölkə üzrə nümayəndəsinin müavini Şarmela Rəsul çıxış ediblər.
“Təcili tədbirlər görülmədiyi halda 2050-ci ilə qədər dünyada 1,2 milyard uşaq iqlim dəyişikliyinə məruz qala bilər,” - deyə seminar iştirakçıları xəbərdarlıq edib.
Pakistanda COP29 öncəsi tədbirlər silsiləsi çərçivəsində keçirilən seminarda iqlim dəyişikliyi problemləri, həyəcan təbili verən statistik məlumatlar və təcili uyğunlaşma tədbirlərinə ehtiyac məsələləri müzakirə edilib.