AZƏRBAYCANIN RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ABŞ-DA SƏFƏRDƏDİR
Amerika iş adamları bu cür məlumatı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdan birbaşa öyrənmək imkanı əldə etmişlər. Əli Abbasov elektronika və kommunikasiya sahəsində aparıcı Azərbaycan şirkətləri – “Azel”, “Sinam” və “Ultra”-nın nümayəndələri ilə birgə ABŞ-da bir həftəlik səfərdədir. Nazir Vaşinqtonda və Kaliforniyada biznes forumları keçirərək Amerika iş adamlarını Azərbaycana dəvət etməyə, yerli şirkətlərimizə ABŞ-da tərəfdaşlar tapmağa gəlmişdir.
ABŞ-ın iş adamları qarşısında çıxış edən Əli Abbasov bildirmişdir ki, Azərbaycan hökuməti üçün neft və qaz sahəsindən sonra rabitə, informasiya-kommunikasiya texnologiyaları sahəsi iqtisadi prioritetdir. Buraya qoyulan sərmayə risklərini biznes nümayəndələri ilə bölüşmək üçün hökumət layihələrin bir hissəsini maliyyələşdirməyə hazırdır. Neft və qaz layihələri ilə Azərbaycan beynəlxalq iqtisadi aləmdə özünə etibarlı tərəfdaş imici qazanıb. Ölkəmizdə ümumi daxili məhsulun artımına dair rəqəmlər bütün dünyanı valeh edib. Buna baxmayaraq, informasiya texnologiyalarının inkişafı səviyyəsi hələ istədiyimiz səviyyədə deyildir. İlin sonuna qədər Milli Məclis rabitə və informasiya-kommunikasiya texnologiyalarının müasir tələblərə uyğun inkişafı haqqında Dövlət Proqramını təsdiqləyəcəkdir. Həyata keçirilən islahatlar bu sahədə özəlləşdirməyə başlanmasına və bazarın liberallaşdırılmasına yönəlib. Azərbaycana gələn ABŞ sərmayədarları uduzmayacaqlar.
Səfərin gedişi barədə məlumat verən nazir demişdir: Prezident İlham Əliyevin aprel ayında ABŞ-a səfəri zamanı ölkələrimiz arasında qeyri-neft sektoru üzrə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur. Biz, bu əməkdaşlığa informasiya texnologiyaları və kommunikasiya sahəsindən başlamaq qərarına gəlmişik. Artıq Mikrosoft, İntel, Sisko Sistem kimi məşhur şirkətlər Azərbaycanda fəaliyyətə maraq göstərirlər. Azərbaycanda yaradılan xüsusi iqtisadi zonalar xarici sərmayədarlara təkcə yerli bazarda deyil, həmçinin regional bazarda da fəaliyyət göstərməyə imkan verəcəkdir.