AZƏRBAYCANIN ŞÖHRƏTLİ OĞLUNUN XATİRƏSİ EHTİRAMLA YAD EDİLİR
AZƏRTAC-ın müxbiri onların bir neçəsi ilə görüşüb ürək sözlərini qeyd etmişdir.
NİZAMİ HƏSƏNOV (Əmircan qəsəbəsi): “Böyük itki üz verəndən bəri dördüncü dəfədir ki, ailəlikcə Prezidentimizin xatirəsini yad etməyə gəlmişik. Bu itki ilə heç cür barışa bilmirik. Hara baxırsan onun böyük işlərinin nişanəsini görürsən. Ancaq hələ nə qədər görməli işləri var idı! İnanırıq ki, xalqın etimadını qazanaraq Prezident seçilmiş cənab İlham Əliyev onun yarımçıq işlərini uğurla başa çatdıracaqdır. Dahi rəhbərimiz xalqımıza yumruq kimi birləşməyi, yekdil, həmrəy olmağı vəsiyyət etmişdir. Gənc Prezidentimizin ilk fərmanları, sərəncamları göstərir ki, o, bu vəsiyyətə dönmədən əməl edir. Onun əfv fərmanı buna əyani sübutdur. Tutduğu yolda yeni liderimizə uğurlar arzulayıram. Azərbaycanın böyük oğluna isə Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
ALİM HACIYEV (Bakıdakı 114 nömrəli orta məktəbin VII sinif şagirdi): “Böyük Prezidentimiz Heydər Əliyev bütün Azərbaycan uşaqlarının babası idi. Xüsusilə istedadlı uşaqları çox sevirdi. Onların adını “Qızıl kitab”a saldırıb təqaüd verirdi, daha yaxşı oxuması üçün şərait yaradırdı. Elə bir bayram olmazdı ki, onu bizimlə qarşılamasın. Bu bayramlardan birində-2000-ci ilin Novruz bayramında mən də onunla görüşmüşəm. Qəlbim köksümə sığmırdı. Onda bir şer dedim. İndi onu təkrar etmək istəyirəm:
Zəkasından ziya paylar ellərə,
Əməliylə səda salar çöllərə,
Qüvvət verər haqq danışan dillərə,
Ədalət məramlı o böyük rəhbər.
Sevir balaları, balası kimi,
Gələn əsrimizin qalası kimi,
Qayğılar göstərir olası kimi,
Kəramət məramlı o böyük rəhbər”.
Quba rayonundakı Sudan İstifadə Edənlər Assosiasiyasının sədri QƏDİR PAŞAYEV həm də “Elsevər” təxəllüsü ilə şerlər yazır. Bir neçə kitabın müəllifidir. Azərbaycanın şöhrətli oğlunun vəfatı xəbəri bu təbli sahibkarı sarsıtmışdır:
“Dağım qopdu yerindən,
Dəryam etdi təlatüm.
Can sarsıdan xəbərdən
Qurudu matım-qutum.
Əbədidir günəş - sönməz,
Qalxan bayraq bir də enməz,
Göstərdiyin yolla gedən
Vətən heç vaxt geri dönməz”
...Nizami və ailəsi, Alim, Qadir kişi hüznlə Fəxri xiyabandan uzaqlaşırlar. İnsan axını isə davam edir. Müxtəlif yaşlı, müxtəlif əqidəli, müxtəlif dinli və dilli adamlar bu Böyük Azərbaycanlıya ehtiram göstərib onun ruhuna dua oxumağı özünə borc bilirlər.