Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunur
Qahirə, 24 noyabr, AZƏRTAC
Azərbaycanın turizm imkanlarının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində təqdimatı davam edir. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Roadshow 2025” tədbiri çərçivəsində noyabrın 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ölkəmizin turizm potensialı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu tədbirlərdə Turizm Bürosunun, “Azərbaycan Hava Yolları” QSC-nin, “Şahdağ” Turizm Mərkəzinin, turizm şirkətlərinin, hotellərin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.
Səudiyyə Ərəbistanının 100-dən çox turizm şirkətinin nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B formatlı görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb, sərfəli turpaketlər barədə məlumatlar verilib.
“Roadshow 2025” çərçivəsində növbəti tədbirlər noyabrın 25-də əl-Xubar və noyabrın 26-da ər-Riyadda baş tutacaq.
“Otuza yaxın yerli şirkətlə görüşlərdə ölkəmizin turizm imkanları barədə ətraflı məlumat vermişik. Azərbaycanın malik olduğu böyük yay və qış, müalicə, sağlamlıq turizm potensialı, yeni turizm məhsulları, qadınlar üçün xüsusi turizm paketləri barədə danışmışıq”, - deyə tədbirdə iştirak edən “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev AZƏRTAC-ın müxbirinə bildirib.
Görüşlərdən sonra təqdim olunan proqram çərçivəsində Azərbaycan musiqisi səsləndirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə